Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbiyev “Azərkosmos” ASC-nin sədri vəzifəsindən azad edilərək nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 1977-ci il təvəllüdlü R.Nəbiyev 1994-2000-ci illərdə Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib. Prezident İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən, “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdi.
Həftənin "TƏYİNATI"
Prezident İlham Əliyev Aydın Kərimovu Şuşa şəhərinə xüsusi nümayəndə təyin etdi. O, bundan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri olub. Şuşanın hazırkı xüsusi nümayəndəsi daha öncə “Ağ şəhər” layihəsinin həyata keçirilməsində böyük rol oynayıb. Beynəlxalq konfranslarda inşaat sahəsində rəqəmsal texnologiyalar və BİM texnologiyaları haqda çıxışlar edib.
Həftənin "XƏSTƏSİ"

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə Nazirliyindən bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil. Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
Həftənin "YUBİLYARI"

Xalq artisti Aygün Kazımova 50 yaşını qeyd edib. Pop ulduz yubileyini pandemiya səbəbindən evində çox az sayda dostları ilə birgə qeyd edib. Qonaqlar Kazımova ilə olan fotolarını sosial şəbəkədə paylaşıblar. Xalq artistinin özü də instaqram səhifəsində güllərlə çəkilmiş şəklini yayaraq onu təbrik edən hər kəsə təşəkkürünü bildirib: “Sizin sevginizdir məni yaşadır”.
Həftənin "QAYDAPOZANI"

“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo və sevgilisi Corcina Rodrigez karantin qaydalarını pozublar. Onlar Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Cütlük Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib. Daha sonra onlar rəsmi şəkildə bağlı olan otelə gediblər. Doğum günündən görüntülər yayılsa da, sonrada video sosial şəbəkələrdən silinib.
Həftənin "PROQNOZU"

“Microsoft”un qurucusu Bill Geyts növbəti proqnozu ilə gündəm oldu.“Biz növbəti pandemiyaya hazır deyilik. Ümid edirəm, iki ildən sonra vəziyyət fərqli görünəcək. Vaksinlər, testlər, dərmanlar, epidemiologiya, monitorinq – görüləsi çox iş var”, - deyə Qeyts bildirib. Onun sözlərinə görə, COVİD zəlzələ, tornado və iqlim dəyişikliyi kimi gündəlik həyatın bir hissəsinə çevrilib.
Həftənin "EVSİZİ"

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və xanımı Vaşinqtondan ayrılaraq doğma əyalətlərinə qayıtdıqdan sonra evsiz qalıblar və yaxınlarının evində qalmağa məcbur olublar. “Business Insider” Pensin yaxın ətrafındakı mənbələrə istinadən məlumat verib ki, Pens İndianaya qayıtdıqdan sonra qubernator Erik Holkombun bağ evində qalır. Qəzet keçmiş Prezident Donald Trampın müşavirlərindən birinin sözlərini sitat gətirərək “Onun evi, yaşamaq üçün yeri yoxdur”,- deyə qeyd edib.